2025-ci il Açıq Əlyetərlilik Həftəsinin Mövzusu: “Biliklərimiz Kimə Məxsusdur?”
“Biliklərimiz kimə məxsusdur?” – bu sual 2025-ci il Beynəlxalq Açıq Əlyetərlilik Həftəsinin (20–26 oktyabr) əsas mövzusudur. Bu mövzu bizi yalnız təhsil və elmi araşdırmalara kimin çıxış imkanı əldə etməsi barədə düşünməyə deyil, həm də biliklərin necə yaradıldığı və paylaşıldığı, onların haradan qaynaqlandığı, hansı səslərin tanınıb dəyərləndirildiyi barədə təhlil aparmağa çağırır.
Bu mövzu son iki ildə aparılan “İctimaiyyətin kommersiyadan üstün tutulması” prinsipinə əsaslanan müzakirələrin, tədbirlərin və fəaliyyətlərin davamı kimi müəyyən edilmişdir. Bu müddət ərzində müvafiq istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Diamond OA (Almaz Açıq Əlyetərlilik) və “Subscribe to Open” (Abunəliyə açıq) kimi ictimai yönümlü yanaşmalar əhəmiyyətli dərəcədə genişlənmişdir. Getdikcə bir çox redaksiya heyəti öz jurnallarının mülkiyyətini kommersiya nəşriyyatlarından geri alaraq öz nəşrlərini müstəqil idarə etməyə başlamışdır. Bir çox ali təhsil müəssisələri müəllim heyətinin qiymətləndirilməsində kommersiya verilənlər bazaları və metrik göstəricilərdən imtina edir və dünyada bəzi təşkilatlar elmi dərəcələrin verilməsi və vəzifəyə yüksəlmə siyasətlərində açıq paylaşımı birbaşa şəkildə mükafatlandırmağa yönəlmiş islahatlar aparırlar. Tədqiqatçılar arasında məlumatların və nəticələrin həmişə onlara məxsus olmadığını, əksinə bu məlumatların tədqiqatda iştirak edən şəxslərlə paylaşıldığı, hətta onlar tərəfindən idarə edildiyini və formalaşdırıldığını görürük.
Bütün bu nailiyyətlərə baxmayaraq, ortaya çıxan yeni risklər biliklərin paylaşılmasında kommersiyalaşmanı ictimai maraqların önünə keçirməsi təhlükəsini yaradır. Akademik biliklərin süni intellekt modellərinin öyrədilməsi məqsədilə icazəsiz şəkildə toplanması və süni intellektin akademik proseslərə məsləhətləşmə və müəllif razılığı olmadan inteqrasiya edilməsi bilik sistemlərimizi zəiflətmək təhlükəsi yaradır. Ənənəvi kitabxana mühitində təsəvvür edilməyəcək nəzarət formaları bu gün bəzi nəşriyyat platformalarında adi hala çevrilmişdir. Bununla belə, UNESCO-nun Açıq Elm Tövsiyəsi və “Toluca-Cape Town” Bəyannaməsində çağırış edilən ictimai mülkiyyətində olan, ictimaiyyət tərəfindən idarə olunan və qeyri-kommersiya yönümlü bilik paylaşımı yanaşmaları bizi bu risklərdən uzaqlaşdıraraq biliklərin cəmiyyətlərə və fərdlərə məxsus və faydalı olduğu gələcəyə aparan yollar təklif edir.
Açıq Əlyetərlilik Həftəsi 2025-ci il oktyabrın 20-dən 26-dək keçiriləcəkdir. Bununla yanaşı, il ərzində istənilən vaxt müzakirələrin aparılması və tədbirlərin təşkili tövsiyə olunur. İcmaiyyət bu mövzunu yerli kontekstə uyğunlaşdıraraq, özləri üçün daha əhəmiyyətli olan konkret mövzulara fokuslana bilər. Bu məqsədlə yerli tədbirlərin təşviqi üçün uyğunlaşdırıla bilən qrafik şablonlar da təqdim olunur.
Elanın digər dillərdə tərcümələri, bu ilin mövzusuna uyğun qrafik materiallar və Açıq Əlyetərlilik Həftəsi haqqında daha ətraflı məlumat almaq üçün openaccessweek.org saytına daxil ola bilərsiniz. Həftənin rəsmi həştəqi: #OAWeek
SPARC haqqında
SPARC – açıq elmi tədqiqat və təhsil sistemlərini dəstəkləyən, bütün insanların biliklərə çıxışını, biliklərə töhfə verməsini və bu biliklərdən faydalanmasını təşviq edən qeyri-kommersiya təşkilatıdır. Beynəlxalq Açıq Əlyetərlilik Həftəsi 2008-ci ildə SPARC və tələbə cəmiyyətinin tərəfdaşlığı ilə təsis edilmişdir. Daha ətraflı məlumat üçün: sparcopen.org
Beynəlxalq Açıq Əlyetərlilik Həftəsi haqqında
Açıq Əlyetərlilik Həftəsi biliklərin açıq şəkildə paylaşılması istiqamətində qlobal təşəbbüslərin siyasət dəyişikliyi və sosial məsələlərin əhəmiyyəti ilə birləşdirilməsi üçün unikal imkan yaradır. Bu tədbir fərdlər, qurumlar və təşkilatlar tərəfindən dünyanın müxtəlif yerlərində qeyd olunur və onun təşkilatçılığı illik olaraq mövzu seçimi təşkilatçı beynəlxalq məsləhət komitəsi tərəfindən həyata keçirilir. Həftənin rəsmi həştəqi: #OAWeek